Postmodernizm və onun nəzəri-estetik prinsipləri - MANERA.AZ
Rafiq Yusifoğlu,
şair, filologiya elmləri doktoru, professor
NƏZƏRI-ESTETIK PRINSIPLƏRI
Postmodernizm nədir sualına cavab vermək üçün birinci növbədə həmin sözün leksik mənasını bilməyə ehtiyac duyulur. Postmodernizm sözünün lüğəvi mənası modernizmdən sonra anlamına gəlir. Vikipediyada postmedernizm haqqında belə məlumat verilir: «Postmodernizm – XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyalarının inkişafı nəticəsində daha da inkişaf etmiş, dünyanın aparıcı cərəyanına çevrilmişdir.
Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi, postmodernizm (almanca «moderndən sonra gələn») də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir (Kursiv bizimdir –R.Y).
Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə «dünya mətndir», «mətn reallığın yeganə mümkün modelidir». Postmodernizmin əsasında duran ideya mənbələrindən poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasında filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Ptnon, C.P.Danlivi, D.Bertel («qara yumor məktəbi»nin nümayəndələri), D.Delillo, J.Dölz, F.Qatari, U.Eko, U.Gibson, C.Barms, I.Kalvino və başqaları postmodernizmin görkəmli nümayəndəri hesab olunurlar (http://az.wikipedia. org/wiki/ Postmodernizm).
Bu mətndə diqqəti çəkən iki məqam var: postmodernizm ədəbiyyatda, incəsəntdə, ümumiyyətlə hər sahədə bütün ənənəvi formaları, qaydaları, ehkamları inkar edir, xaos, elementlər müxtəlifliyi yaradır. Ikinci məqam isə bundan ibarətdir ki, «postmodernizm keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir». Sual olunur, «keçmişin mədəniyyətindən şirə çəkmək»lə ənənəni inkar etmək məntqi baxımdan nə dərəcədə düzgündür? Deməli, burada dialektik inkardan, daha doğrusu, inkarı inkardan söhbət gedə bilər.
Məqalənin digər bir yerində postmodernizmin mahiyyəti, onun modernizmə oxşar və fərqli cəhətlərə bu cur şərh olunur: «XX yüzilliyin ikinci yarısından başlayaraq öndər ölkələrdə modernizm böhran keçirmiş, postmodernizmlə əvəzlənmişdir. Günümüzdə də mədəniyyətin və fəlsəfənin çeşidli sahələrində postmodernizm özünü göstərməkdədir. Postmodernizmdə bütün sərhədlər ortalıqdan götürülür. Fəlsəfə, mədəniyyət, incəsənət, memarlıq və başqa anlayışlar bir-birinə qarışır. Artıq bunların ayrı-ayrı cərəyanları deyil, özləri bir-birinə qarışır, sinkretikaya çevrilir. Postmodernizmdə varlığın və şeylərin mahiyyətinə varılmır, hər şeylə dərinliklərinə və incəliklərinə önəm vermədən qavranılır. Dünya olduğu kimi qəbul edilir. Modernizm köhnə baxışları yeniləri ilə dəyişirdisə, postmodernizmdə bu yeniliklərin də dağılması, hər şeyin sadə, bəsit, aydın və sinkretik olması ideyası ortalığa qoyulmuşdur. Modernizm köhnə anlayışları yeniləri ilə dəyişib yeni cərəyanlar yaradırdısa, postmodernizmdə bu məqsəd güdülmür. Burada elitar anlayışlarla kütləvilik eyniləşir, birləşir, onun kateqoriyalarında ortalığa qoyulur. Burada sistemlikdən xaotikliyə, qarışıqlığa doğru yönəlmələr duyulur. Uzun və çətin kateqoriyalar ən sadə anlayışlarda verilir. Elmlər, fəlsəfə, sənətlər və başqa sahələr təkcə peşəkarların deyil, bütün insanlara məxsus olur. Onların arasında sərhədlər silinir, sinkretik anlayışlar yaranır. Burada modernizmdə olduğu kimi, adətlər tam danılmır, onlara qismən dönüş də ola bilər. Plüralizm, ciddilikdən aralanma və dünyaya ironik baxış, həqiqətin olmaması, yazının obyektiv reallığı əks etdirməməsi və yeni reallığı yaratmaq prisipləri, marginalizm, internet və başqa informasiya məkanlarının yaranması postmodernizmin özəlliklərindəndir. Postmodernizm çoxşaxəlidir, «isveç masasına» bənzəyir. Kimə oradan nə gərəkdirsə, onu da aparır (http://az.wikipedia.org/wiki/Postmodernizm).
Əlbəttə, buradakı fikirlər mübahisəli olduğu qədər də maraqlıdır və postmodernizmin mahiyyəti haqqında müəyyən təsəvvür yaradır. Ensiklopedik yazının hazırlanmasında Aydın Əlizadənin «Modernizm, postmodernizm və müasir Azərbaycan», Qorxmaz Quliyevin «Postmodernizm» məqalələrindən və Nərmin Kamalın Umberto Eko və postmodernizm fəlsəfəsi» (Bakı: Qanun, 2008) kitabından da istifadə problemin Azərbaycan elmi-nəzəri fikrində də diqqət mərkəzində olması qənatinə gəlməyə imkan verir.
Doğrudur, bu problemlə bağlı digər ölkələrdə aparılan tədqiqatlarla müqayisədə bizim gördüyümüz iş o qədər də sanballı təsir bağışlamır, ancaq məsələ ilə bağlı məqalələrin dilimizə tərcüməsi, hətta «Müasir rus ədəbiyyatında postmodernizm» mövzusunda dissertasiyanın məhz azərbaycanlı alim tərəfindən yazılması da əhəmiyyətli faktlar sırasındadır.
Vikipediyada verilən bu mülahizələr də problemin mahiyytini anlamağa kömək edə bilər: «Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial mənada işlənən «postmodernizm»lə sıx bağlıdır. «Biz postmodern insanlarıq», «Biz postmodern dövrdə yaşayırıq» kimi cümlələr işlədə bilərik və həqiqəti demiş olarıq.
Modernizm incəsənət, ədəbiyyat, siyasət, fəlsəfə, cəmiyyətin bütün sahələrində ənənəvi dəyərlərə etiraz edib dünyanın yenidən təzə prinsiplər əsasında qurmaq arzusunun ifadəsi oldu, dünyanı olduğu kimi təsvir edən mimetizmdən imtina edib, yaradıcı müəllifin maksimal subyektivliyini məqsəd kimi görən üslub kultu gətirdi. Postmoderniistlər isə bir qədər də irəli gedib, özlərini nəinki ənənəvi dünya fəlsəfəsi, elm və mədəniyyətinə, həmçinin modernizmin özünə qarşı qoydular, dəyərlərin inkarını yox, yenidən dəyərləndirilməsini, onlarla oyun prinsipini gündəmə gətirdilər. Modernistlər tarixi ənənənin radikal iştirakçısı kimi çıxış edirdilərsə, postmodernistlər tolerant şəkildə tarixi ənənəni yenidən başqa cür dərk etməyin tərəfdarı kimi çıxış etdilər.
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya postmodernizmin çoxlu sayda xarakteristikalarından bir neçəsidir, amma postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də sehrli realizmdir (magikal realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası ədəbiyyatına aid edilsə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir və təbii, hər hansı məkanla və zamanla məhdudlaşdırıla bilməz. Horhe Borhes, Tonni Morrison, Salman Rüştü kimi məşhur sehrli realist yazıçılar həm də postmodern yazıçılardır» (http://az.Wikipedia.org/wiki/ Postmodernizm).
Bu mülahizələr ədəbi metodların, ədəbi cərəyanların konkret hüdudlarını, sərhədlərini müəyyən etməyin qeyri-mümkünlüyünü göstərir. Realizmin cövhərində postmodernizm mayasının olması qənaəti maraqlı olduğu qədər də mübahisəlidir.
Məlumdur ki, termin R.Panvisin 1917-ci ildə işıq üzü görən «Avropa mədəniyyətində böhran» əsərində işlədilmiş, F.de Onis postmodernizmə «ədəbiyyatın inkişafında aralıq mərhələ» kimi baxmış, A.Toynbi «Tarixin dərki» (1947) kitabında postmodernizmi «din və mədəniyyətdə qərb ağalığının sonu» kimi dəyərləndirmişdir. Elmi ədəbiyyatda Lesli Fidlerin 1969-cu ildə «Playboy» jurnalında çap olunan «Sərhədləri dağıdın, boşluqları doldurun» adlı məqaləsi postmodernizm haqqında söhbətlərin başlanğıcını qoymuşdur. Bir qədər sonra, 70-ci illərin əvvəllərində Amerika teoloqu Harvi Koksun Latın Amerikasındakı dinlə bağlı mülahizələri «dində postmodernizm» axtarmaq ideyalarını gündəmə gətirmişdir. Bütün bunlara baxmayaraq postmodernizm termini Ç.Cenksinsayəsində populyarlıq qazanmışdır. Onun «Postmodernist arxitekturanın dili» (1977) əsərində qeyd olunur ki, bu söz 60-70-ci illərin ədəbi tənqidində ultramodernist ədəbi eksperiment kimi dəyərləndirilsə də, əslində müəllif bu termini başqa mənada işlətmişdir. Lakin sonralar postmodernizm daha geniş məna kəsb etməyə başlamış, ekstremizm və nihilizmin, neoavanqardizmin ənənələrinin varisinə çevrilmişdir. Jan Fransua Liotar, Jan Bodriyar, Yuliya Kristeva, Yurqen Xabermas, Daniel Bell, Ziqmunt Bauman, Umberto Eko, Ihab Hassan, Velç, S.Suleymen və başqalarının bu məsələ ilə bağlı fikir mülahizələri postmodernizm konsepsiyasının formalaşmasında, zənginləşməsində mühüm rol oynamışdır.
«Lap başlanğıcdan çoxyönlü, dağınıq və ziddiyyətli olan» postmodernizm özünün rəngarəngliyi ilə fəxr edir qənaətini dəstəkləyən Irina Nikitinanın «Postmodernist sənət» (Tərcüməçi Ə.Cahangir) adlı sanballı tədqiqatı məsələnin tarixi köklərini, mahiyyətini anlamaqda bizə kömək edir. Məqalə üç hissədən ibarətdir. Birinci hissə «Postmodernizmin incəsənət və mədəniyyətdə formalaşması» adlanır və burada «Postmdernizm mədəni cərəyan kimi», «Bədii və fəlsəfi postmodernizm», «Dekonstruksiya haqqında», «Postmodernizmin ilk tədqiqləri» bölmələri vardır. «Postmodernizmin əsas cizgiləri» adlanan ikinci hissə «Plüralizm», «Kanonlardan imtina», «Qeyri-müəyyənlik», «Sənət əsəri mətn kimi» bölmələrindən ibarətdir. Üçüncü hissə isə «Sənət oyun kimi» adlanır.
Əslində tədqiqatın strukturu müəllifin məsələyə hansı yöndən yanaşması, postmodernizmin mahiyyəti haqqında dolğun təsəvvür yaradır. Müəllif doğru qənaətə gəlir ki, «fəlsəfi postmodernizm fəlsəfədə özəl istiqamət deyil, onun vahid ideyalar kompleksi yoxdur. O, yeni fəlsəfi istiqamətin inkişafına əsas ola biləcək əlaqələndirici konsepsiyadan məhrumdur. Ayrı-ayrı müəlliflər arasında fərq o qədər böyükdür ki, bunlardan hər hansı birini «postmodernist» adlandırsan, bütün yerdə qalanları az qala gərək postmodernizmdən kənar edəsən».
Daha sonra müəlllif fikirlərini davam etdirərək yazır: «Fəlsəfi postmodernizm təkcə müasir mədəniyyət yox, müasir sənətin şərhində də ardıcıl olmağa iddialıdır. Və son on illərin sənəti haqqında onun maraqlı fikirləri, doğrudan da, az deyil. Amma çağdaş sənətin vahid, əlaqəli və ardıcıl postmodernist estetik konsepsiyası yoxdur. Buna görə, müasir sənət haqqında ayrı-ayrı qənaətləri nə qədər maraqlı olsa da, fəlsəfi postmodernizm bədii postmodernizmin estetikasına çevrilə bilmir» (I.Nikitina, «Postmodernist sənət»).
Əlbəttə, bu məsələnin mahiyyətini ortaya qoymağa çalışan tədqiqatçının qənətləridir. Əgər belədirsə, «vahid ideyalar kompleksi», «vahid, əlaqəli və ardıcıl postmodernist estetik konsepsiyası» olmayan postmodernizm nəyə görə bu qədər iddialıdır? Görünür ona görə ki, monist üslubdan imtina edən postmodernizm sənətdə heç bir modelin, üslubun, reseptin digərlərinə aid olmasını istəmir və hər bir sənət əsərindən bənzərsizlik, orijinallıq, rəngarənglik umur. Sözsüz ki, köhnəlmiş metodologiya ilə yeni dövrün ədəbiyyatını, incəsənətini dəyərləndirmək istənilən, arzuolunan nəticəyə gətirib çıxara bilməz. «Postmedernizmin ilk tədqiqləri» bölməsində I.Nikitina Fidlerin «həm mətbəx, həm qonaq otağı, həm də uşaq otağında eyni ləzzətlə oxuna biləcək» kitabların yaranmasını arzulamasın xüsusi diqqətə çəkəndən sonra onun ideyalarını inkişaf etdirən Ç.A.Cenksin postmodernist əsərdən tələb etdiyi on üç əsas xüsusiyyəti sadalayır.
«Plüralizm» adlı bölmədə orta əsrlər, intibah, klassisizm dövrünün sənəti üçün monist üslubun səciyyəviliyini xatırladan I.Nikitina nəzəriyyəçilərin fikirlərinə istinadən postmodernizmin «vertikal hakimiyyəti», diktaturanı inkar etməsini xüsusi vurğulayandan sonra yazır: «Burada xaos yox, bədii yaradıcılığın fərdi paradiqmalarının yanaşı mövcud olduğu, onlardan hər hansı birinin digərini sıxışdırıb aradan çıxarmaq, özəlliklə də məhv etməyə cəhd göstərmədiyi özünəməxsus plüralist nizamdan söz gedir. Bu zaman hər hansı inkar və zorakılıq həqiqətə təkbaşına malik olmağın qeyri-qanuni, əsassız iddiası kimi qəbul olunur. Heç bir prinsip zidd olanları məhv etmək həddinə gəlib çatmamalıdır – postmodernizmin estetik sülhsevərliyinin məğzi bundadır». Çox maraqlı fikirdir, lakin təəssüf ki, bəzi postmodernizm tərəfdarlarında bu sülhsevərlikdən əsər-əlamaət belə yoxdur.
Postmodernizm hər hansı bir metodologiya ilə əsər yazmağın əleyhinədir və antimetodologizmə daha çox üstünlük verir. Ona görə ki, «Antimetodologizm əsərin qiymətləndirilməsində standart qaydalardan istifadə imkanını inkar edir və özünün ifrat halında hətta hər hansı qaydanın mövcudluğu fikrini ümumən yaxına qoymur». «Yeni qayda yeni əsərlə birlikdə doğulur» qənaəti isə rallığa çox yaxındır.
Ilya Ilinin «Postmodernizm XX əsrin sonunun ruhi konsepsiyası kimi»adlı sanballı, tədqiqat səciyyəli məqaləsinin də tənqidçi Əsəd Cahangir tərəfindən dilimizə çevrilməsi və yeri gəldikcə onun özünün məsələyə münasibət bildirməsi Azərbaycan oxucusuna postmodernizmin mahiyyətini daha dərindən dərk etməyə yardımçı olmuşdur. Onu da xatırladaq ki, bu, Əsəd Cahangirin postmodernizmlə bağlı ilk tərcümələri deyil. Onun I.Adelgeym, D.Zatonski, L.Andreyev və Dugin kimi postmodernizmlə məşğul olan nəzəriyyəçilərdən elədiyi tərcümələr də problemin mahiyyətini anlamağa kömək edən maraqlı məqalələrdir.
Mütərcim tərcümə etdiyi məqaləyə istinadən bu qənaətə gəlir ki, postmodernizmin dərki yaşadığımız zamanın dərki deməkdir və postmodernizm etik yox, estetik təzahürdür («Azərbaycan», 2005, №5, s.177).
Müəllifin – tərcüməçinin fikrincə, «bəlkə» postmodernistin ən çox sevdiyi sözdür. Postmodernizmin çıxış nöqtəsində daimi bir şübhə, mötəbər ideyalar, tabu və yasaqlara qarşı etiraz durur. Onu müəyyən mənada özündən əvvəlki ədəbi-estetik parametrləri təftiş etməyə cəhd edən opportunistə də bənzətmək olar.
«Postmodernist öz düşüncə maşınını qırmızı işıqda sürən sürücünü xatırladır» qənaətləri də maraqlıdır. Ancaq postmodernizmin «tikintidən daha çox söküntü, yaradıcılıqdan daha çox dağıdıcılıq», «qırmızı işıqda maşın sürmək», hətta «Allahı inkar etmək» cəhdi bəşəriyyəti səadətdən çox fəlakətə doğru sürükləyir. Görünür, kənardan gəlmə bu ideyaları proqram sənədi kimi qəbul edən bəzi cavanlar elə buna görə ağsaqqal qələm sahiblərimizə hücümlar edir, onların yaradıcılıq nümunələrini alt-üst etmək, nüfuzlu insanları elin gözündən salmaq cəhdi göstərirlər.
Bu həqiqətdir ki, posmodern düşüncə postmodern həyat tərzindən qaynaqlanır. Demək olar ki, bu haqda yazılan məqalələrin hamısında həmin fikirlər bu və ya digər şəkildə öz əksini tapmışdır. «Postmodernizm zamandan üz çevirmir, onu tədqiq edir»; «postmodern radikal plüralizm halı, postmodernizm isə onun konsepsiyası kimi başa düşülür» (Velş) qənaətləri də elə-belə yaranmamışdır. Velş tam əminliklə bunun nəzərə alınmasını zəruri sayırdı ki, «posmodern və postmodernizm sənət nəzəriyyəçiləri, sənətkarlar və filosofların uydurması deyil. Məsələ daha çox onunla bağlıdır ki, bizim gerçəklik və yaşayışımız postmodemə çevrilib («Azərbaycan», 2005, №5, s.184).
Deməli, postmodernizm zamanın tələbi ilə meydana gələn bir düşüncə tərzidir.
Fokkemanın fikrincə, postmodernizm dünyaya xüsusi estetik baxış olub, ictimai, zehni fəalliyyət və bədii yaradıcılıqda kilsənin təsirindən uzunmüddətli azadolma prosesi, eləcə də insanın dünyada mərkəzi mövqeyi ideyasından imtinanın məhsuludur (Irina Nikitina, «Postmodernist sənət» məqaləsindən).
Bəzi nəzəriyyəçilər, məsələn, Ihab Hassan Coysun «Finneqanın yası» (1939) əsərini postmodernizm modeli ilə yaranan ilk əsər adlandırır. Bəzilərinin hətta on doqquzuncu əsrlərdə yazılan əsərlərdə postmodern ünsürlər axtarmaları, bəzilərinin bu cərəyanın 50-60, bəzilərinin isə 80-ci illərdə yarandığını iddia etmələri bu sahədə də mütləq həqiqəti müəyyənləşdirməyin qeyri-mümkünlüyü ilə əlaqədardır.
Ənənənin inkarı postmodernizmin, daha doğrusu, modernizmin əsas tələblərindən biridir. Ancaq bu məsələ ilə bağlı yazılan məqalələrin özündən belə aydınca görünür ki, burada ziddiyyətli məqamlar vardır. Ənənənəni inkar edən modernizm, postmodernizm özü göydəndüşmə deyildir, ənənə zəminində formalaşmışdır. Həmin məsələ ilə bağlı yazılan bəzi məqalələrdə bu açıqca etiraf olunur: «Fəlsəfi postmodernizmin nəzəri cəhətdən ön plana çıxması Qərb intellektual dairələrinin çox böyük əhəmiyyətə malik bir fenomenə üz tutması ilə bağlı oldu. Bu fenomen ədəbiyyat, tənqid, fəlsəfə, linqvistika və kulturologiyanın qovşağında yerləşən «bədii dil», yaxud «bədii təfəkkür» fenomenidir. Onun formalaşmasında Şərq mənşəli fəlsəfi-estetik təsəvvürlər, ilk növbədə dzenbuddizm və daosizm vacib rol oynadılar» (kursiv bizimdir – R.Y.) («Azərbaycan», 2005, №5, s.186). «Bədii yaradıcılıq üçün tamamilə təbii olan poetik təfəkkürün fəlsəfi-ədəbiyyatşünaslıq variantının necə formalaşdığını ilk baxışdan izah etmək çətindir. O, Şərqin fəlsəfi-estetik təsəvvürlərlərinin şübhə doğurmayan təsiri altında formalaşıb (Kursiv bizimdir – R.Y.). Amma bu təsirlənmə özgə ənənəni bütöv və avtomatik mənimsəmə, yaxud sxematik köçürmə əsasında baş verməyib» («Azərbaycan», 2005, №5, s.186). Başqa bir sitat: «Haydegger Şərq fəlsəfəsinin təsiri altında postmodernizmin dominant əlamətini özündə daşıyan «bədii təfəkkür» modelini yaratdı» «Kursiv bizimdir – R.Y.). («Azərbaycan», 2005, №5, s.188).
Bu cümlələrdən aydınca görünür ki, postmodernizmin özü də göydəndüşmə deyildir, ənənədən, özündən əvvəl yaranan nəzəri-fəlsəfi fikirdən yaradıcı şəkildə bəhrələnmə nəticəsində meydana gəlmişdir. Qərbin ən «bərkgedən», ən müasir ədəbi cərəyanlarından birinin Şərq fəlsəfəsindən bəhrlənməklə yaranması etirafı postmodernizmin nəzəri prinsiplərini şərh edərkən mütləq nəzərə alınası faktdır.
Postmodernizmin mahiyyətini açmağa çalışan Ilya Ilinin bu fikirləri də maraqlı təsir bağışlayır: «Postmodernizmə çox vaxt özünəməxsus bədii kod, yəni bədii mətnin təşkil olunması qaydalarının məcmusi kimi baxırlar (Kursiv bizimdir – R.Y.). Belə bir yanaşmanın çətinliyi ondadır ki, postmodernizm formal nöqteyi-nəzərdən özündən əvvəlki mədəni ənənələrin işləyib hazırladığı hər bir qayda və məhdudiyyətləri şüurlu surətdə rədd edən (Kursiv bizimdir –R.Y.) bir incəsənət kimi çıxış edir». («Azərbaycan», 2005, №6, s.164).
Daha sonra müəllif postmodernizmin məşhur nəzəriyyəçilərindən olan Teo Danın postmodernizmin bədii kod kimi iki dəfə qeyd eləməsini xüsusi olaraq vurğulayandan sonra fikrini davam etdirərək yazır ki, postmodernizm bir tərəfdən kütləvi, populyar mədəniyyətin tematik materialı və texnikasından istifadə edərək bütün adamlar, o cümlədən bədiilikdən o qədər də başı çıxmayanlar üçün kütləvi istifadənin reklam cazibədarlığını qazanır. Digər tərəfdən isə özündən əvvəlki, özü də daha çox modernist əsərləri porodiya şəklində dərk etmək, onların süjet və priyomlarına ironik yozumlar verməklə ən təcrübəli auditoriyaya üz tutur» (Yenə orda, s.164).
Buradan aydınca görünür ki, «ən fərqli təbəqələrə üz tutan» postmodernizm bir tərəfdən poetikadan başı çıxmayan ədəbi avamların gözlərini qamaşdırmaq, onları heyrətə gətirmək, digər tərəfdən isə sənətdən az-çox başı çıxanların diqqətini özündən əvvəlkiləri lağa, məsxərəyə qoymaq, porodiya etmək yolu ilə cəlb etmək istəyir, «bir güllə ilə iki dovşan vurmaq» missiyasını yerinə yetirməyə çalışır.
Məna problemindən danışan tədqiqatçının bu qənaətləri də uğur qazanmağa, daha çox adamı təsir altına salmağa çalışan postmodernizmin mahiyyətini anlamağa kömək edir: «Postmodernizm dilin formalaşmasında kütləvi şüuru aldadan, onunla manipulyasiya edən, zəngin mif və illüziyalar, «saxta fikir» doğuran media – kütləvi informasiya vasitələri xüsusi rol oynayır. Bu amili nəzərə almadan postmodernizmin kütləvi mətbuat və onunla sıx bağlı kütləvi mədəniyyətin illüzyor səciyyəsini dağıdan neqativ pafosunu başa düşmək qeyri mümkündür» (Yenə orda, s.165).
Postmodernizm ideyalarının yayılmasına rəvac verən «kütləvi şüuru aldadan, onunla manipulyasiya edən» vasitələrin olması acı bir təbəssüm doğurur. Burada istər-istəməz bir atalar sözü yada düşür: «Axsaq atın kor nalbəndi olar». Etiraf edək ki, çox zaman xotik təsvirlərə üstünlük vermək istedadsızlığı gizləmək vasitəsinə çevrilir. Necə deyərlər: «Bulanıq suda balıq tutmaq daha asandır».
Postmodernizm üçün ən vacib elementlərdən birinin ironiya olması bu haqda yazılan bütün məqalələrdə, aparılan tədqiqatlarda xüsusi vurğulanmışdır. «Cenks göstərir ki, postmodernizmin mahiyyəti postmodernizm adının özünün hibrid formasıyla işarələnmiş ikili şifrələnmə, yaxud paradoksal dualizmlə müəyyənləşir. Ikili şifrələnmə anlayışı altında Cenks iki və daha artıq mətn dünyasının postmodernizmə məxsus daimi parodik qarşılaşdırılmasını, başqa sözlə desək, estetik sistemlərin semiotik şifrələnməsinin elə müxtəlif üsullarını nəzərdə tutur ki, bunları bədii üslublar kimi dərk etmək lazım gəlir. Belə bir planda postmodernizm eyni vaxtda həm modernizm paraktikasının davamı, həm də onun inkarı kimi meydana çıxır. Çünki o, öz sələfi olan modernizmin üslubiyyatını ironik şəkildə dəf edir. Digər tədqiqatçılar (U.Eko, T.Dan, D.Loc) ikili şifrələnmə prinsipinə postmodernist üslubun spesifik xüsusiyyəti kimi baxmaqdan daha çox, ona bir üslubun digərini ümumiyyətlə əvəzetmə mexanizmi kimi yanaşırlar» («Azərbaycan», 2005, №6, s.166).
Bu üsul isə «pastiş» adlanır və bu anlayışa postmodernizm nəzəriyyçiləri, məsələn Amerika alimi F.Ceymson çox yüksək dəyər verir və belə hesab edir ki, bu üsluba rəvac verən əsas amil linqvistik normalara inamın itməsi ilə sıx surətdə bağlıdır.
Postmodernizmdən danışanda çox zaman «intertekstuallıq» adlı bir termindən də istifadə olunur. Bu termini ilk dəfə 1967-ci ildə Yuliya Kristeva işlədib. Bu haqda Ilya Ilin belə yazır: «Yuliya Kristeva özünün «intertekstuallıq» konsepsiyasını Baxtinin 1924-cü ildə yazdığı «Söz bədii sənətində məzmun, material və forma problemi» əsərinin yeni dərkinə əsasən yaradıb. Baxtin bu əsərdə ədəbi varlığın dialektikasını qələmə alır və göstərir ki, sənətkar yaradıcılıq prosesində təkcə onu əhatə edən gerçəklik yox, həm də özündən əvvəl yaranmış və müasiri olan ədəbi formalarla daimi dialoqda olur. Kristeva bunu yazıçının mövcud ədəbi formalarla daimi mübarizəsi kimi (kursiv bizimdir – R.Y.) şərh edir. O, dialoq ideyasını ancaq ədəbi sahə ilə məhdudlaşdırır və mətnlərarası səviyyəyə müncər edərək xalis formal şəkildə qəbul edir» («Azərbaycan», 2005, №6, s.167).
«Insan düşüncəsinin yazılı mətnlə eyniləşdirilməsi», «hər şeyə – ədəbiyyat, mədəniyyət, cəmiyyət, tarix və nəhayət, insanın özünə mətn kimi baxılaması» postmodernizmin əsas nəzəri prinsiplərindən birinə çevrilmişdir.
M.Fuko intertekstuallığı «subyektin ölümü», daha sonra R.Bart onu «müəllifin ölümü» adlandırmışdır. Statlar bolluğu içərisində müəllifin öz mətninin ölməsi postmodernizmin vacib şərtlərindəndir. R.Bartın bu haqda fikirləri maraqlıdır: «Hər bir mətn intermətndir. Istənilən bir mətndə digər mətnlər az və ya çox dərəcədə bilinən formada, bu və ya digər səviyyədə mövcuddur. Hər bir mətn özündən əvvəlki mədəniyyət və özünün daxil olduğu mövcud mədəniyyəti əks etdirir. Hər bir mətn köhnə sitatlardan toxunmuş yeni materialdır (kursiv bizimdir – R.Y.).Mədəni kodların parçaları, formullar, ritmik strukturlar, sosial ideomların fraqmentləri – bütün bunlar hamısı mətn tərəfindən udulur və yeni qaydada düzülürlər. Çünki mətnə qədər və mətnin ətrafında həmişə dil mövcuddur. Intertekstuallığı ilkin zəruri şərt kimi istənilən bir mətn üçün mənbə və təsirlənmə probleminə müncər etmək doğru deyildir. Intertekstuallıq ilkin mənbəyi çox nadir hallarda üzə çıxan anonim formullar, qeyri-şüuri, yaxud avtomatik, dırnaqsız verilən sitatları özündə ehtiva edir» («Azərbaycan», 2005, №6, s.168).
Sitatlardan gen-bol istifadə, sitat gətirilən mənbələrin şüurlu şəkildə gizlədilməsi postmodernizmin əsas tələbləri sırasındadır. Təsadüfi deyil ki, postmodernist nəsri bəzən «sitat ədəbiyyatı» adlandıranlar da olub. Postmodernizmdə sitata nə dərəcədə əhəmiyyət verilməsinin mahiyyətini anlamaq üçün M.Byutorun bu fikirlərinə nəzər salmaq kifayətdir: «Fərdi əsər yoxdur. Hər hansı bir fərdin əsəri ədəbi-mədəni material və məcrada bir ilmədir. Yazıçı özünü bu məcraya sadəcə batırılmış hiss etmir, o həm də məhz bu məcrada peyda olur. Ayrılıqda götürülmüş hər bir yazıçı öz mənşəyinə görə bu ədəbi-mədəni materialın vur-tut bir elementi ola bilər. Onun əsəri də özü kimi həmişə kollektiv əsəridir. Mən buna görə sitat problemi ilə maraqlanıram» («Azərbaycan», 2005, №6, s.169). – Bu fikirlərdən hamını bərabərləşdirmək, xüsusi istedad sahibi olan fərdlərin talant və zəhmətsevərliyini aşağılamaq ideyası boylanır.
Qəribədir, bir tərəfdən postmodernizm ənənəni inkar edir, digər tərəfdən ordan-burdan topladığı saysız-hesabsız sitatları öz bədii mətninin tikinti materialına çevirməyi tələb edir. Özündən əvvəlki qələm sahiblərinin əsərlərindən gətirilən sitatlar ənənədən bəhrələnmək deyilsə, bəs nədir?
Postmodernizmdə digər vacib məsələlərdən biri də «əsərdə xarakterin itməsi» problemidir. Sitatlar bolluğu içərisində müəllifin özü öldüyü, əriyib-itdiyi kimi, onun yaratdığı qəhrəmanlara da ehtiyac yoxdur. Bədii əsərlərdə mükəmməl, hərtərəfli işlənmiş, oxucuya nümunə ola biləcək qəhrəman yaratmaq postmodernizmin prinsiplərinə qətiyyən uyğun deyil. Postmodernistlərə görə: «Gerçəklik deyə qəbul olunanlar əslində gerçəkliyin özü yox, onun haqqında təsəvvürdür və təsəvvür müşahidəçinin baxış bucağından asılıdır. Baxış bucağının dəyişməsiylə gerçəklik haqqında təsəvvürdə də kardinal dəyişiklik baş verir. Beləliklə, daim dəyişməyə məhkum insan təsəvvürləri elə bir kaleydoskopa bənzəyir ki, tez-tez fırlanır və onun mahiyyətini dərk etməyə imkan vermir» («Azərbaycan», 2005, №6, s.171).
Bu mülahizələr nə qədər maraqlı olsa da, burada dünyanın, insanın dərkolunmazlığı ideyası irəli sürülür. Buradan belə bir nəticəyə gəlmək olar ki, insan təxəyyülü dünyanı dərk etmək gücündə deyil. Bu məsələlərlə bağlı öz fikir və mülahizələrini irəli sürərkən dünyanın dərkini «ölü əl»ə – hüququ olmadan əmlaka yiyələnmək cəhdinə bənzədən Bruk-Rouzun fikrincə, «ənənəvi xarkterin itməsinin beş əsas səbəbi vardır: «epistomoloji böhran; burjua cəmiyyətinin tənəzzülü ilə birlikdə onun yaratdığı romanın da süqutu; «ikinci ağız ədəbiyyatı» - «yeni süni folklor» kimi kütləvi mətbuatın ön plana çıxması; estetik cəhətdən primitiv janrların populyarlığının boy artımı; realizmin ənənəvi vasitələri hesabına iyirminci əsrin doğurduğu fəlakət və ağılsızlıqları bütün miqyasları ilə verməyin mümkünsüzlüyü» («Azərbaycan», 2005, №6, s.170).
Problemin mahiyyəti daha dərindən açılsın, oxucuda bu məsələ ilə bağlı daha dolğun təsəvvür yaransın deyə Ilya Ilinin məqaləsindən yenə bəzi sitatlar gətirmək istəyirik: «Incəsənətin bütün digər mərhələləri kimi, postmodernizm də öz zamanının ideoloji, fəlsəfi, estetik və siyasi axınlarından kənarda düşünülə bilməz. Postmodernizmin üslubiyyatı müəyyən dünyagörüşü tərəfindən diktə olunur. Onun nəzəriyyəçiləri heç vaxt təzahürlərin zahiri tərəflərinin xalis formal analiziylə məhdudlaşmır, hər şeydən əvvəl, bu təzahürləri meydana çıxaran estetik əsası, dünyagörüşünü aydınlaşdırmağa çalışır, onların öz ifadəsi ilə desək, «ilkin epistomoloji şərtləri»müəyyən edirlər» («Azərbaycan», 2005, №6, s.158).
«Bu baxımdan holland alimi D.Fokkemanın yaradıcılığı maraq doğurur. Fokkema postmodernist dünyagörüşü ilə bağlı ilkin şərtləri onun üslubiyyatına keçirməyi cəhd edir. Onun üçün postmodernizm, hər şeydən öncə, dünyaya xüsusi bir baxış, uzun sürən dehumanizasiya –antiinsanilik prosesinin məhsuludur. …Fokkema qeyd edir ki, fövqəltəbii «Həqiqət və gözəllik» dünyasının – «yuxarı dünya»nın mövcudluğuna şübhə etməyən modernistlər, materialist determinizmə münasibətdə olduğu kimi, «simvolizmin sərt estetik ierarxiyasına» da şübhə ilə yanaşırdılar» (Yenə orda, s.158).
«Postmodernizmin bütün nəzəriyyəçiləri öz konsepsiyalarını yaratmaqda Jan Fransua Liotarın yaradıcılığının vacibliyini vurğulayırdılar. Liotarın nöqteyi-nəzəri belədir: «Əgər hər şeyi axıra qədər sadələşdirsək, onda postmodernizm deyəndə metahekayə inamsızlığı deyilən bir şeyi başa düşmək lazım gəlir» («Azərbaycan», 2005, №6, s.159).
Alimin «postmodernizm elminin qeyri-stabillik axtarışları ilə məşğulluğu», onun «təsvirolunmazı, təsəvvürəgəlməzi ön plana çıxarması» haqqında mülahizələri də bu ədəbi cərəyanın digər bir vacib cəhətini başa düşmək baxımından maraqlıdır.
Postmodernizmin daim yeni formalar axtarması bu nəzəri konsepsiyanın ən başlıca prinsiplərindəndir. Ancaq Liotarın özünün də qeyd etdiyi kimi bu formalar axtarışı «həmin formalardan estetik ləzzət almaq üçün yox, təsəvvür etməyin qeyri-mümkünlüyünü daha kəskin surətdə açıqlamaq üçün edilir. Alimin bu fikirləri postmodernizin mahiyyətini daha dərindən anlamaq baxımndan diqqətəşayandır: «Postmodernizm qaydasız döyüşdür. Bu zaman rəssam və yazıçı qaydasız işləyir, onun əsas vəzifəsi hazır qaydalar əsasında nəsə növbəti bir şey yaratmaq yox, hələ yaranmaqda olan əsərin qaydasını müəyyənləşdirməkdir. Postmodernist əsərlərin hadisə səciyyəsi daşıması, eləcə də onun öz müəllifi üçün ya çox gec meydana çıxması, ya da onun realizəsinin çox tez baş verməsi də bununla izah oluna bilər ki, bu əsərlər hazır qaydalar əsasında yaranmırlar» («Azərbaycan», 2005, №6, s.160).
Postmodernizmin digər məşhur nəzəriyyəçilərindən biri Dan R.Brautiqanın «Amerikada balıq ovu» (1970) əsərində Heminqueyin insanın bakir təbiətə qayıdışı haqqında mifə, T.Makqveyin «92 dərəcə kölgədə» əsərində Heminqueyin kişilik və namus kodeksinə, T.Pinçonun «V» (1963) əsərinə Folknerin tarixin həqiqi mənasını bərpa etməyin mümkünlüyünə olan inamına parodiyasına istinad edərək belə qənaətə gəlirdi ki, postmodernist mətnin qavranılması şəraitində qəbul olunan reallıq problemi olmaqdan çıxıb özbaşına buraxılmış və fraqmentar dünyada təcrid olunmuş fərdin epistomoloji və ontoloji probleminə çevrilir («Azərbaycan», 2005, №6, s.163).
F.Ceymsonun fikrincə isə «Dünya insana ancaq tarix görkəmində açılır, insan onu hekayə şəklində dərk edir. …Təhkiyə dünyanı nə qədər açır və izah edirsə, bir o qədər də gizləyir və təhrif edir».
Postmodernit yazıçı necə istədi yazdığı kimi, öz oxucusunu da əsəri necə istədi oxumağa həvəsləndirir, sövq edir. Məsələn, postmodernizmin görkəmli nümayəndərindən biri, amerikalı Reymond Federman «Sizin nəzərinizə» (1976) adlı kitabının səhifələrini şüurlu şəkildə nömrələməyib ki, oxucu romanı ardıcıllıqla yox, hansı səhifədən istəsə oxuya bilər. Bu prinsipdən kor-koranə bəhrələnmək istəyən bəzi qələm sahiblərinin durğu işarələrindən istifadə etməməsi, cümlələrin hamısını kiçik hərflə başlamaları əslində istedadsızlığı pərdələməkdən başqa bir şey deyildir. Cümlənin harda başlayıb harda qurtarmasını belə anlamayan oxucü əsərdəki əsas ideyanı, müəllif qayəsini necə qavraya bilər? Bu üsul oxucunu şüurlu şəkildə dolaşdırmaqdan, çaşdırmaqdan başqa bir şey deyildir. Oxuduğundan bir şey anlamayan sadəlövh oxucuya elə gəlir ki, əsər o qədər dərin mənalıdır ki, onu anlamaq qeyri-mümkündür.
Rus ədəbiyyatşünslığında geniş surətdə müzakirə obyektinə çevrilən postmodernizm ölkəmizdə də böyük maraqla qarşılanmış, bu məsələ ilə bağlı bəzi əhəmiyyətli işlər görülmüşdür.
Nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professor Asif Hacılı postmodernizmin mahiyyətini belə şərh edir: «Postmodernizm anlayışı əsasən iki mənada anlaşılır: mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanların sinkretik qarışığından ibarət müasir vəziyyəti; moderndən sonra deyil, onunla yanaşı meydana çıxan konseptual yanaşma, müxtəlif mərhələlərdə aktuallaşan xüsusi yaradıcılıq növü. Dəyərlərin tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq postmodernizmə sabit ənənə, dəyərlər tənasübü, qiymətləndirmə yaddır. Əgər ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı əks edirdisə (modernizm-ekstremist formalarda olsa da təcridlənmiş şəxsiyyətin dünyasını), postmodernizm özü özünü əks və ifadə edir, qapanır. Hər şeyə şübhə edilir və eyni zamanda bu, şübhəli ifadə olunur. Yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Dünya inikas edilmir, dünya mətn yaradır, özü də bir yox, çoxlu dünyalar. Obyektiv reallıq virtual dünyayla əvəzlənir» (Asif Hacılı. Postmodernizm. Tənqid.net, 2007, №3, s.69).
Bu cümlələr mahiyyət etibarilə problem haqqında deyilənlərin bir qədər başqa şəkildə təkrarı olsa da, postmodernizm, onun mahiyyəti, prinsipləri haqqında müəyyən təsəvvür yaradır. Yeri gəlmişkən onu da qeyd edək ki, Asif müəllim Umberto Ekonun «Postmodernizm, kinayə, həzz» adlı yazısını da ilk dəfə dilimizə tərcümə etməklə Azərbaycan oxucusunun bu sahədə biliklərinin artmasına yardımçı olmuşdur. Ümumiyyətlə, həmin problemlə bağlı digər dillərdə yazılan monoqrafiyaların, məqalələrin daha çox tərcüməsinə böyük ehtiyac vardır.
Nərmin Kamalın «Umberto Eko və postmodernizm fəlsəfəsi» (2008, 2012) adlı monoqrafiyası postmodernizmin mahiyyəti, xüsusiyyətləri, nəzəri-estetik prinsipləri haqqında dolğun elmi təsəvvür yaradan sanballı bir tədqiqat əsəridir. «Postmodernizm – fəlsəfənin plüralizm, çoxkültürlülük, müxtəliflik nəğməsi olduğu kimi, onun banisi də bir nəfər deyil, bir çox filosoflardır» qənaəti də, «Postmodern düşüncəyə görə, yazan yox, yazılan önəmlidir» qənaətini əsas tutarıq müəllifin öz əsərinin üstünə adını belə yazmaması faktı da maraqlıdır və əsəri oxuyan insanlara müəyyən mənada istiqamətverici mesaj – ismarıcdır.
Son illərdə postmodernizm əsərləri dəyərləndirmək meyarına çevrilib. Nəinki müasir, hətta tarixin müəyyən mərhələlərində yaranmış ədəbi nümunələrə bu cərəyanın prizmasından baxılmaq cəhdi, nə yaxşıdırsa, nə pisdirsə onun bu nəzəri-estetik prinsipə uyğun gəlib-gəlməməsi ilə əlaqələndirilməsi bir qədər qəribə görünür.
Tanınmış italyan yazıçısı Umberto Eko belə yazır: «Təəssüf ki, postmodernizm istilahı nəyə desən aid ola bilər. Deyəsən indi bu istilahla onu işlədənlərin xoşuna gələn nə varsa adlandırırlar. Digər tərəfdən, deyəsən onun mənasını keçmişə çəkmək istəyirlər. Əvvəlcə elə gəlirdi ki, o, son 20 ilin bəzi yazıçılarına və rəssamlarına uyğun gəlir. Sonradan tədricən əsrin əvvəllərinə, bir azdan isə daha uzaq keçmişə müraciət edildi. Və daha uzaqlara çəkilməklə davam edir. Beləcə Homerin özünü də postmodernist elan edəcəklər» (Umberto Eko. Postmodernizm, kinayə, həzz. Tənqid.net, 2007, №3, s.69).
Digər ölkələrdə olduğu kimi Azərbaycanda da postmodernizmə maraq az deyildir. Ə.Cahangirin postmodernizmlə bağlı tərcümələri və mülahizələri, Q.Quliyevin, A.Hacılının, Ə.Qəşəmoğlunun və başqalarının məqalələri, N.Kamalın «Umberto Eko və postmodernizm» adlı monoqrafiyası Azərbaycan oxucusunda postmodernizm və onun nəzəri-estetik prinsipləri haqqında müəyyən təsəvvür yaratmışdır.
Umberto Ekonun posmodernist estetika əsasında yazılmış «Qızılgül adı» romanının, Orxan Pamukun və digər yazıçıların əsərlərinin dilimizə tərcüməsi də təqdirəlayiq ədəbi hadisələr sırasında hesab oluna bilər. Postmodern estetika əsasında bizdə də əsərlər yazmağa cəhdlər göstərilmiş, ilk nümunələr meydana gəlmişdir. Ancaq bu estetika eyni zamanda əsər yazmaqdan çox keçmiş nəslin nümayəndələrinə qarşı radikal, kinayəli bir münasibətin yaranmasına rəvac vermişdir. Digər bir məsələ də ondan ibarətdir ki, postmodernizm haqqında anlayışı belə olmayan bəzi istedadlı yazıçılarımızın, şairlərimizin yaradıcılığında da postmodern cizgilər axtarmaq cəhdi göstərilmişdir.
Fikrimizcə, Nərmin Kamalın postmodernizmin nəzəri-estetik prinsipləri əsasında yazdığı əsərlər problemin mahiyyətini anlamaq üçün daha zəngin material verir. Bəri başdan deyim ki, Nərmin xanımı istedadlı, özünəməxsus düşüncə və yaradıcılıq manerasına malik bir qələm sahibi hesab edirəm. Ancaq onun əsərlərində postmodernizm estetikasının prinsipləri əsasında yazdığı əsərlərin birmənalı qarşılanmamasını da təbii sanıram. Ona görə Nərmin Kamalın əsərlərindən bəzi fraqmentləri diqqətə çatırmaq istəyirəm.
Onun «Times Roman Az Lat» adlı əsərində Bakıda 14 fevral 1916-cı ildə baş verən hadisələr, bu hadisəni unutdurmaq üçün 14 fevralın sevgililər günü kimi qeyd olunması ilə bağlı mülahizələri mənə maraqlı gəldi. Ancaq burada postmodernist estetikanın tələbləri ilə yazılan bəzi cümlələr (hətta obrazın dili ilə verilsə belə) məndə təəssüf hissi doğurdu.
Gəlin birlikdə oxuyaq: «Isa və Məhəmməd bir qız görürlər. Isa deyir ki, qız mənimdir, çünki mən Allahın oğluyam! Məhəmmədsə deyir ki, mən Allahın son peyğəmbəriyəm! Ona görə də qız özümün olmalıdır. Mübahisə eləyirlər. Qalibi müəyyənləşdirmək üçün zər atırlar. Kimdə daha böyük qoşa düşsə, qız onundur. Isa zər atır: beş qoşa düşür. Sonra Məhəmməd atır: altı qoşa düşür. Məhəmməd sevincək qalxır ki, qız tərəfə getsin. Birdən göy guruldayır, yer titrəyir, yuxarıdan iki zər düşür: yeddi qoşa. «Ikiniz də çəkilin qırağa, qız özümündür!» (Alatoran, №6, mart, 2006, s.5).
Bu da hər şeyi, hətta dini, Allahı inkar edən postmodernist estetikanın ədəbsiz kinayəsi!
Postmodernizmin prinsiplərinə görə oxucu da müəlliflə bərabər hüquqa malikdir, o, əsəri öz təxəyyülü ilə zənginləşdirə bilər. Bu dəfə həmin prinsipə biz də sadiq qalırıq və əsərdən bəzi cümlələri möhtərəm oxucuların diqqətinə çatırırıq, qoy nəticəni özləri çıxarsınlar:
«Insanların vaxtına çox az qalıb və onu anonim Allaha sərf eləmək istəmirələr»; «Əzizi ölmüş qadın, ayaqyolunda tez-tez bu cümləni təkrar et:
«Qoy bu nəcis məndən çıxan və unudulan kimi, Sevgilim də ruhumdan ifraz olsun, çıxsın, unudulsun» (Alatoran, №6, mart, 2006, s.5).
«Insanların Allaha ünvanlanan söyüşləri, üsyanları hər zaman mənim uğur termometrim olub», «Ingilis dilində Allah kəlməsinin əksinin köpək olduğunu görmək azdır, az! Sən bu iki mənanı bir-birinə bağlayan O hərfinə Allahla Köpəyin nigah üzüyü kimi baxmağı da bacarmalısan. Və əlbisələrini soyunub O hərfinin içinə tullanmağı…» (Alatoran, №6, mart, 2006, s.7).
«Guya mən də sakitcə «Alatoran» dərgisinin 6-cı sayını oxuyuram. Görürəm yazılıb ki, Ibn Sinanın tələbəsi 10-cu əsr Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarı Avropa otelinin yanında Aristotellə sevişdiyi yerdə yaxalayıblar. Onlar indimi bilirlər bunu, Bəhmənyar? Mən ki çoxdan, lap çoxdan bilirdim, sən bir dəfə yox, dəfələrlə Aristotellə əlaqəyə girmiş və ondan «Təhsil», «Mövcudatın mərtəbələri», «Məntiqə dair zinət» adlı övladlar dünyaya gətirmisən.» (Alatoran, №6, mart, 2006, s.8).
Nərmin Kamalla söhbətləşən, postmodernist yazıçı ilə müsahibə aparan Sevinc xanımın «Narkotiklər mövzusu səni niyə belə cəlb edir?» sualına Nərmin xanım belə cavab verir: «Narkotika insanın özünü mütləq xoşbəxt hiss edəcəyi yerdir. Bizə cənnətdə vəd olunanları narkotiklər bu dünyada insana verə bilər»… Cavab bu axarla davam edir və müxbir – Sevinc xanım müsahibə aldığı insandan – Nərmin Kamaldan soruşur:
-Onda bu fikirdəsən ki, biz qadınlar dahilər dünyaya gətirmək istəyiriksə, onları xaricilərdən doğmalıyıq?
Nərmin xanımın bu suala cavabı isə belədir:
-Böyük istedadlar yetişdirmək üçün çarəmiz yalnız buna qalıb» (Alatoran, №6, mart, 2006, s.11).
Bu da bizim öndə gedən, dünyagörmüş postmodernist yazıçımızın əxlaqi qənaətləri. Onun bu cümlələrini oxuyandan sonra el demişkən, adamın «matı-qutu quruyur», deməyə sözü də qalmır. Digər «postmodernistlərimizin» də o qədər əndirabadi mülahizələri var ki, onları şərh etməyə ehtiyac görmədik. Burada istər-istəməz «hay-küyü hər hansı bir əsəri dəyərləndirməyin meyarı sayanları» tənqid edən, onları bu yoldan çəkinməyə səsləyən Umberto Ekonun «Qızılgülün adı» romanandakı aşağıdakı parça yadıma düşür: «Elə vaxt gələcək ki, – deyə Xorxe yenidən danışdı – qanunsuzluq yayılacaq, oğullar valideynlərinə əl qaldıracaq, arvadlar ərlərinə xəyanət edəcək, ər arvadını hakimlərin qarşısına çıxaracaq, ağalar öz təbəələri ilə insafsız davranacaq, təbəələr ağalara itaət etməyəcək, böyüklərə hörmət qalmayacaq, yetkinləşməmiş gənclər hakimiyyət tələb edəcək, iş, əməl faydasız, zəhlətökən bir şeyə çevriləcək, hər tərəfdə günahın, qüsurun, bütün əxlaq qaydalarının pozulmasının şərəfinə mahnılar oxunacaq».
Böyük yazıçının bu sözləri qiyamətin əlamətləridir və təəssüf ki, günün reallıqlarına çevrilməkdədir ki, bu da məkrli, gizli bir siyasətin təzahürünün ilkin elementləri, ilkin cizgiləri kimi səciyyələndirilə bilər.
Postmodernist, türk ədəbiyyatının Umberto Ekosu adlandırılan, Nobel mükafatı laureatı Orxan Pamukla xalq yazıçısı Anarın söhbətindən bəzi məqamları diqqətə çatdırmaq problemin mahiyyətini anlamaq baxımından mənə maraqlı göründü. Anar yazır: «O (Orxan Pamuk – R.Y.) bizim qurultayda (Azərbaycan yazıçılarının XI qurultayında – R.Y.) çıxış etdi. Bir gün dostcasına söhbətimiz zamanı soruşdum:
–Orxan bəy, bizdə bəzilərinin iddia etdikləri kimi Siz postmodernistsinizmi?
–Əlbəttə ki, yox, – deyə dərhal cavab verdi.
–Bizdə adətən yazı bilməyənlər özlərini postmodernist elan edir, – dedim.
–Bizdə də eynən elədir, – dedi.
Təkcə bizdə yox, dünyada bəzi dəbdə olan yazıçıları, məsələn Umberto Ekonu, M.Raviçi, P.Zyuskindi, X.Murakamini və başqalarını postmodernistlər sırasına daxil etdiklərinə görə bu barədə öz mülahizələrimi bölüşmək istəyirəm. Bu mövzuya mən «Gecə düşüncələri»ndə toxunmuşdum.
Mənəvi cəhətdən səbatsız olan bir qrup, xüsusilə tez şöhrət qazanmağa düşkün olan bəzi yazıçılar üçün postmodernizm əsas cazibə obyekti olmuşdur. Kifayət qədər geniş tarixi, mədəni və ədəbi görüş dairəsinə malik olmayan, rus dilini yetərincə bilməyən, illah da başqa xarici dilləri heç bilməyən, postmodernizmlə yalnız üzdən, səthi tanış olan, bəzən o barədə ancaq ordan-burdan eşidən adamlar yazdıqları silsiləni yenilik, dünya standartlarına uyğun, ədəbiyyatımızda yeni mərhələ kimi sırımağa çalışırlar. Onlardan əvvəl yazılan bütün əsərləri, əlbəttə ki, inkar edirlər. Yəni bizdən qabaq ümumiyyətlə, heç bir ədəbiyyat olmayıb, hər şey bizdən, hətta bizim hələ yazılmamış əsərlərimizdən başlayır.
Bizim bu əldəqayırma «postmodernistlər» bir qırağa dursun, demə bu problem rus ədəbiyyatşünaslığında da gündəmdədir. Bu barədə yunan yazıçısı Nikos Zavraç belə yazır: «Həyasız, kəmsavad jurnalistlərə öz ordusunu alçaltmağa, vulqar postmodernist «yazıçlar»a əzəmətli rus ləyaqətini təhqir etməyə, rus məktəblərinin müdir və müəllimlərinə hər cür zibil və çirkabı təqdim etməyə icazə verən xalqı görmək xəcalət gətirmirmi?
Postmodernizm şöhrətpərəst, həyasız, özündənrazı və ifrat dərəcədə pafosludur. Çünki naqislik və günah həmişə aqressivdir. Homoseksualizm pafosu, kobudluq pafosu, bayağı rişxəndçilik pafosu» (525-ci qəzet, 9 noyabr 2012, s.8).
Məlumdur ki, postmodernizmin görkəmli nümayəndələrindən biri hesab olunan Umberto Ekonun məşhur «Qızılgül adı» əsəri semiotik – söz haqqında roman hesab olunur. Müəllifin istər mülahizələrini, istərsə də orijinal struktura, yazı manerasına malik bədii əsərlərini oxuyanda görünür ki, yazıçı bədii yaradıcılıqda ənənəni mütləq mənada inkar etmir. Əgər belə olsaydı, o öz məşhur romanını Iohan Incilindən bu iqtibasla başlayardımı? «Qızılgül soldu, amma qızılgül sözü, qızılgülün adı qaldı». – Əslində bu fikir romandakı bütün hadisələrin istinad, çıxış nöqtəsidir. Bu da ənənədən bəhrələnmənin bir yolu deyilmi?
Ümumiyyətlə,Umberto Ekonun postmodernizmlə bağlı mülahizələri çox maraqlıdır. O yazır: «Postmodernizmin modernizmə cavabı keçmişin tanınmasından ibarətdir: onu dağıtmaq mümkün deyilsə, belədə biz tam sükuta varırıq, keçmişə yenidən baxmaq lazımdır – kinayə ilə, sadədil olmayaraq. Postmodernizmin yanaşması mənə savadlı xanıma vurulmuş adamın yanaşmasını xatırladır. O bilir ki, «mən səni dəlicəsinə sevirəm» deyə bilməz, çünki bilir ki, xanım bunu artıq Lialanın yazdığını bilir və xanım da bilir ki, o, bunu bilir. Və yenə də çıxış var. O deyə bilər: «Necə ki, Liala deyərdi, mən səni dəlicəsinə sevirəm». Bax belə, saxta məsumluğu keçərək və dəqiq deyərək ki, məsum söhbət daha alınmayacaq, o, eyni zamanda xanıma nə istəyirsə onu da dedi, onu sevdiyini və itirilmiş məsumluq zamanında sevdiyini. Xanım oyuna qoşulsa, bunu sevginin izharı kimi anlayacaq. Onların heç biri özünü məsum hiss etməyəcək. Hər ikisi keçmişin, artıq kim tərəfindən deyilmişin, artıq məhvi mümkün olmayanın çağırışını qəbul edir. Hər biri şüurlu olaraq və həzz alaraq kinayə oyununu oynayacaq, ancaq hər ikisi bir daha sevgidən danışa biləcək» (Umberto Eko. Postmodernizm, kinayə, həzz. Tənqid.net, 2007, №3, s.71).
Bizdə kinayə oyununun Sabir kimi, Cəlil Məmmədquluzadə kimi ustadları var. Onlar xortdanlar, xoxanlar, avamlar, ölülər, dəlilər mühitinə qəhqəhə çəkərək gülməyi bacarıblar postmodernistlərdən qat-qat əvvəl…
Diqqəti bir məsələyə yönəltmək istəyirəm ki, Umberto Eko dünyaya gələndə dünyadan köçən bizim ustad, «postmodernist» Mirzə Cəlil məhz Ekonun dediyi həmin üsuldan çox-çox əvvəl bacarıqla, özü də dönə-dönə istifadə edib. O, birbaşa deyilməsi mümkün olmayanı görün nə şəkildə, necə ustalıqla təqdim edib: «Ay Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəyə yazaydım, onda canını hara qoyardın?
Yəqin bil ki, bakılılar məni daş-qalaq edib mənim də məcmuəmə bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm ki, Bakı qiraətxanalarında bayquşlar ulayır?! Mən yaza billəm ki, Bakı cəmiyyəti-xeyriyyəsinin fikrinə düşən yox, üzvləri çox cahil və iş görmək istəməyən?! Mən yaza billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?!
Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-birinə dedilər?! Və mən buna inana billəm ki…
Ay Dəmdəməki, məcmuədə yaza billəm ki, səfər ayının iyirmi səkkizində qubalılar ilə bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki, bir neçə nəfərin başının qanı hələ yenə axır?!
Ay Dəmdəməki, sən dəlisən-nəsən?
Ay kişi, mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruarı eşşəyə mindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar, çünki bu oğrular qlasnıların qohumudurlar?
Ay Dəmdəməki, bir fikir elə gör mən bu sözlərə məcmuəmdə yer verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım, canını hara qoyacaq idin?» («Molla Nəsrəddin», 21 aprel 1906, №3).
Bu yazını oxuyanda adam heyrətə gəlir. Ay aman, Cəlil Məmmədquluzadə «postmodernist» üslubun yaradıcılarından imiş ki?! Hələ bu bir yana, insafla deyin, 1906-cı ildə gündəmə gətirilən bu problem öz aktuallığını bu gün də saxlayır, ya yox?! Onu da xatırladıram ki, Umberto Ekonun «Postmodernizm, kinayə, həzz» məqaləsi 1983-cü ildə qələmə alınıb. Postmodernist görünmək xətrinə görkəmli yazıçılarımızı, alimlərimizi, o cümlədən Cəlil Məmmədquluzadəni kinayə, rişxənd obyektinə çevirmək istəyən bəzi «postmodernistlərimiz» bunu unutmasınlar və öyrənmək istəyirlərsə Mirzə Cəlilin əsərlərinə müraciət etsinlər.
Seyid Əzim Şirvaninin, Sabirin, Cəlil Məmmədquluzadənin əsərlərində postmodernizmin əsas tələblərindən biri olan kinayənin saysız-hesabsız nümunələrinə rast gəlmək mümkündür.
Daha bir-neçə nümunəyə diqqət yetirək: «Əvvəlinci nüsxələrdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin (hamısının –R.Y.) alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır. Müxtəsər, dərsdən qaçmayan müsəlman deyil» («Niyə mən dərsdən qaçdım»); «Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesab ilə cavan 14 il oxuyandan sonra nə dildə danışacaq?» («Təzə təlim kitabı»); «Şamaxıda mömün və müsəlman adamlar çoxdur; demək olar ki, hamısı mömündür. Bununla belə mən bircə işə məəttəl qalıram: niyə burda bu qədər zəlzələ olur?» («Meşədə gördüklərim»); «Əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda mən dəxi cavab verməyə aciz olaram» («Halal») və i.a.
Mirzə Fətəli Axundovun «Füzuli şair deyil, olsa-olsa nazimül-ustaddır» kəlamı uzun illərdir ki, müzakirə obyektidir və bu fikir daha ağılabatandır ki, burada Axundov Füzulini inkar etmək niyyətində və gücündə deyil. Ədibin əsas məqsədi Füzulini yamsılayanlara, epiqonçuluğa qarşı amansız mübarizə aparmaqla ədəbiyyatımızın yeni istiqamətdə inkişafına təkan vermək olmuşdur.
Füzuli sənətindən bəhrələnən Sabirin onun əsərlərinin bədii formasından istifadə etməklə gözəl kinayə, parodiya nümunəsi yaratması da hamıya məlumdur. Şairin bu misralarına fikir vermək kifayətdir: «Təhsili-ülum etmə ki, elm afəti-candır, Həm əqlə ziyandır; Elm afəti-can olduğu məşhuri-cahandır, Mərufi zamandır» (Hopopnamə, s.20); «Ah eylədiyim nəşeyi-qəlyanın üçündür, Qan ağladığım qəhveyi-fincanın üçündür» (Yenə orda, s.24). Ancaq burada Sabirin məqsədi heç də Füzulini «postmodernist»lər kimi lağa, məsxərəyə qoymaq olmamışdır. Ümumiyyətlə, Sabirin yaradıcılığı ənənədən yaradıcı şəkildə bəhrələnməklə yeni tipli, orijinal ideya-məzmuna malik əsərlər yaratmağın gözəl nümunəsidir.
Kinayə mərhum şairimiz Eldar Baxışın şeirlərində çox mühüm yer tutan bir sənətkarlıq komponenti idi. Onun da yaradıcılığında özündən əvvəl yazıb-yaradanları bəyənməmək, lağa qoymaq, hətta sosializm quruluşuna lağ-lağı münasibət meyli çox güclü idi. «Şəhərimizin qoca kişiləri, qoca arvadarı» şeirində əslində cavanlara mane olan, onların payını «əlindən qapan» yaşlı, nüfuzlu qələm sahibləri tənqid obyekti idi. Eldarın o zaman postmodernizmin nəzəri prinsiplərindən xəbəri olmasa belə, bir postmodernist kimi düşünür, postmodernist kimi yazırdı. Ancaq ən yaxşı cəhət bu idi ki, əslində Eldar xalq yaradıcılığından gəlmə ənənələri çox bəyənir və yaradıcılıqda ondan istifadə etməyi xoşlayırdı.
Postmodernizmə məxsus kodlaşdırma, simvollarla fikir ifadə etmə də yeni deyildir. Bu vasitədən klassik ədəbiyyatımızda da, folklorda da yeri gəldikcə istifadə olunmuşdur. Maddeyi-tarix kod deyilsə bəs nədir? Müəmmalar illər, əsrlər boyu insanda onu açmaq həvəsi oyatmayıbmı?
Ümumiyyətlə, postmodernizm haqqında yazılanları oxuyandan sonra adam bu qənaətə gəlir ki, onun nəzəri-estetik konsepsiyasında ən əsas prinsiplər bunlardır:
Bədii yaradıcılıqda müəllifin tam azadlığı ideyası. Hansı mövzuda yazırsansa yaz, necə yazırsansa yaz. Istəsən hətta dilin qrammatik qaydalarından da imtina edə bilərsən. Postmodernizmdə qadağan olunmuş mövzu və yazı tərzi yoxdur.
Ənənəni inkar, özündən əvvəl yaranmış bütün mənəvi dəyərlərin, əxlaq qaydalarının, nəzəri prinsiplərin, konsepsiyaların, üslubların, janrların rədd olunması, onların hamısından imtina.
Kinayə, özündən əvvəl yaranmışları məsxərəyə, lağa qoymaq.
Kodlaşdırma, şüurlu surətdə dolaşıqlıq, xaos yaradıb oxucunu düşünməyə, axtarmağa sövq etmə. Oxucunun bədii mətni anlaması üçün müəllif izahlarının vacibliyi.
Postmodernizmdə oxucunun özünün də bir müəllif olması ideyası.
Bədii inikasdan imtina. Dünyanın yox, bədii mətnin əsas götürülməsi. Mətndə sitatlardan gen-bol istifadə və onların mənbələrinin şüurlu şəkildə itirilməsi. Müəllifin ölümü, yaxud mətn daxilində onun əriyib itməsi, arxa plana keçməsi və bədii əsərin strukturunda onun adi bir əlaqələndiricidən başqa heç nə olmaması ideyası.
Süjetdən, bütün sənətkarlıq komponentlərindən, eləcə də bədii əsərin strukturunda mühüm yer tutan qəhrəmandan, onun xarakterini yaratmaqdan imtina.
Daim yeni mövzuların və yeni bədii formaların axtarışı və i.a.
Göründüyü kimi, postmodernizm yazıçıya maksimum dərəcədə azadlıq, sərbəstlik verir. Nədən yazırsansa yaz, necə yazırsansa yaz. Postmodernizm üçün heç bir qadağan olunmuş mövzu, ifadə, heç bir nəzəri qayda-qanun, ölçü, janr, meyar yoxdur. Elə buna görə də postmodernizm nəzəriyyəçiləri bəzən onu «qaydasız döyüş»lə müqayisə edirlər.
Əgər postmodernizm «qaydasız döyüş»dürsə, onun hansı qayda-qanunundan, nəzəri prinsiplərindən söhbət açmaq olar? Olmayan bir şey haqqında danışmaq məntiqə nə dərəcədə uyğundur? Digər tərəfdən, qaydasızlıq özü də elə bir qaydadır. «Xaosun özündə bir harmoniya olması» qənaəti də elm aləmində yeni deyildir.
Modernizmin, eləcə də postmodernizmin ən əsas prinsiplərindən biri də onun ənənəni inkar etməsidir. Bir qədər dərindən düşündükdə bu fikirlərin özü də ənənədən qaynaqlanır. Əgər damarımızdakı qan babalarımızın qanıdırsa, orqanizmimizin zahiri görünüşündən tutmuş onun funksional imkanlarına görə hər şeyi genetika müəyyənləşdirirsə, əgər biz əcdadlarımızın yediyi qida ilə qidalanırıqsa, onların udduğu hava ilə nəfəs alırıqsa, onların içdiyi sudan içiriksə, onların danışdığı dildə danışırıqsa, bu o deməkdir ki, ənənəni istəsək belə inkar etmək gücündə deyilik. Deməli, sənətdə də həyatda olduğu kimi ancaq mütləq inkardan yox, dialektik inkardan söhbət gedə bilər. Mənə elə gəlir ki, ənənəni, folkloru, xalqın mədəniyyətini, ədəbiyyatını, incəsənətini, düşüncə tərzini, əxlaqını inkar etmək Donkixotun yel dəyirmanı ilə vuruşması kimi bir şeydir…
Adolf Hitlerin bu məsələ ilə bağlı fikirləri çox böyük maraq doğurur. Onun «Mayn kamf» əsərində özündən əvvəl yaranmış mədəniyyəti, ədəbiyyatı, incəsənəti pisləyənlər, «gözəllik, soyuqluq, əsilzadəlik, qürur və yardım anlayışlarını bir göz qırpımında alt-üst eləyənlər» tənqid atəşinə tutulur. Şəxsiiyəti olduqca ziddiyətli olan, düşüncələri, əməlləri birmənalı qarşılanmayan Adolf Hitlerin «dini və əxlaqı gülünc hala gətirmək istəyənlərə» qarşı amansız, barışmaz münasibəti razılıq hissi doğurur. «Adət-ənənələri ölü, dəbdən düşmüş, köhnəlmiş şeylər kimi qələmə verənlər», «bir millətin həyatı uğrunda canını verəcəyi son dəyərləri ortadan qaldırmaq istəynlər» Adolf Hitlerin gözünün düşməni olmuşlar.
Postmedernizmin istər fəlsəfədə, istərsə də incəsənətdə, ədəbiyyatda öz görkəmli nümayəndələri olub. Tutalım ənənəni inkar edən postmodernizm nəzəriyyəçilərin əsərlərindən, məsələn, Umberto Ekonun fəlsəfi mülahizələrindən, onun ilk məşhur «Qızılgül adı» əsərindən öyrənəndən sonra biz də həmin ruhda, həmin üslubda, həmin ədəbi prinsiplərə istinadən əsərlər yaratmağa cəhd edirik. Bu halda ənənənin inkarından söhbət gedə bilərmi? Biz də istər-istəməz özümüzdən əvvəl yaranan postmodernist ənənələrdən, onun pirinsiplərindən istifadə etmişiksə, deməli ənənədən qaynaqlanmışıq. Deməli, mütləq mənada ənənəni inkar etmək mümkün deyildir.
Biz postmodernist ruhlu əsərlər yazanda belə ənənəyə söykənirik. Belə olmasa, heç kəsin, o cümlədən də Umberto Ekonun ədəbi-nəzəri görüşlərini, bədii əsərlərini öyrənməyə belə ehtiyac qalmazdı. Heç zaman istifadə etməyəcəyimiz bir şeyi öyrənməyə lüzum varmı? Bu, evi lazımsız əşyalarla doldurmaq kimi bir şey deyilmi? Əgər modernizm, qismən də postmodernizm ənənəni inkar edirsə, onun ənənələrindən bəhrələnmək nə dərəcədə ağılasığandır? Postmodernizmin ədəbi-nəzəri prinsiplərindən bəhrələnmənin özü də sənətdə varislik prinsipini qəbul etmək anlamına gəlmirmi?
Ancaq məsələnin digər bir tərəfi də nəzərdən qaçırılmamalıdır. Postmodernizm haqqında o qədər əsərlər yazılıb ki, adam istər-istəməz düşünür: heç nəyə yaramayan bir ədəbi, fəlsəfi cərəyan haqqında bu qədər əsər yazmaq lazım idimi? Postmedernizm heç nə olsaydı, onun haqqında bu q